İDMANÇILARIMIZ TÜRKİYƏDƏN 99 MEDALLA DÖNÜBLƏR

Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb. Yarışın son günü də idmançılarımızın qələbələri ilə yadda qalıb. Kiqboksçularımızdan Fərid Ağamoğlanov və Anar Məmmədov bütün rəqiblərindən üstün olaraq qızıl medala yiyələniblər. Ramal Aslanov, Elvin Ağayev və Saqi Salehli isə, finala qədər irəliləsələr də sonda məğlub olaraq ikinci yerlə kifayətlənməli olublar. Bundan başqa karateçilərimiz də turnirin son günündə mükafatlar qazanıblar. Təmsilçilərimizdən İrina Zaretska qızıl, Pənah Abdullayev və Asiman Qurbanlı isə gümüş medala sahib olublar. Bununlada Azərbaycan idmançıları ümumən İslamiadanı 99 medalla başa vurublar. 19 növdə uğur qazanan idmançılarımız millimizin aktivinə 29 qızıl, 36 gümüş və 34 bürünc yazdırıblar. Bu nəticə ilə ölkəmiz turniri 4 – cü pillədə başa vurub. 1 – ci yeri ev sahibi Türkiyə, 2- ci və 3 – cü yerləri isə Özbəkistan və İran komandaları tutublar. Qeyd edək ki, turnir başa çatandan sonra təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə ölkəmizin bayraqdarı, üçə - üç basketbol yığmamızın üzvü Zaur Paşayev olub. Onu da vurğulayaq ki, oyunlarda ölkəmizi təmsil edən nümayəndə heyətinin növbəti hissəsi də vətənə qayıdıb. Onları Heydər Əliyev Beynəlxalq hava limanında ailə üzvləri və azarkeşlər qarşılayıblar. Xatırladaq ki, heyətin ilk hissəsi avqustun 16-da ölkəyə qayıtmışdı.