İCRA BAŞÇISI MÜHARİBƏ VETERANININ XAHİŞİNİ DİNLƏDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alekseyevka kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun Alekseyevka kəndində yaradılmış xatirə bulağı, Alekseyevka kənd tam orta məktəbin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Rəhman Məmmədovun büstü və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsi ilə tanış olub.