Bu gün Quba Soyqrımı Memorial Kompleksində simpozium keçirilib. Simpoziumun iştirakçılar əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzərək, xatirələrini ehtiramla anıblar.
Quba Soyqırımı Memorial Kompleksində işinə başlayan “Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumunda beş ölkədən 50-ə yaxın alim və tədqiqatçı iştirak edir.iki gün davam edəcək simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova bildirib ki, Simpoziumun keçirilməsinin əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, regionlarda elm və mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.Tədbirin Quba Soyqırımı Memorial Kompleksində keçirilməsinin əsas səbəbi bu məkanın türk-müsəlman dünyasında erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəz olması və ilk Cümhuriyyət şəhidlərinin - 1918-ci ildə soyqırıma məruz qalmış günahsız insanların uyuduğu müqəddəs yerin burada yerləşməsi ilə əlaqədardır. Sentyabrın 14-də yekunlaşacaq simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan və Omandan olan alimlərin məruzələri dinləniləcək.Tədbirin sonunda qonaqlar Qubanın görməli yerləri ilə tanış olacaqlar.