Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov İspik kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də Quba rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf və abadlıq-quruculuq işləri barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlər müzakirə olunaraq onların həlli ilə bağlı aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilib. Kənd sakinləri göstərilən diqqətə və qayğıya, eləcə də əhalinin müraciətlərinə həssaslıqla yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə İspik kənd tam orta məktəbinin qarşısında qoyulan Birinci Qarabağ Müharibəsi şəhidi Neman Dadaşovun büstünü və təhsil müəssisəsində yaradılan Şəhidlər xatirə guşəsini ziyarət edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzüb.
