İƏT QARABAĞDA BAŞ VERƏNLƏRİ PİSLƏYİB
Baxış sayı: 465
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarını pisləyib. Bu barədə İƏT Baş Katibliyinin bəyanatında qeyd olunub. Bildirilib ki, bu, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın pozulmasıdır. “Beynəlxalq hüquqa və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən, faydalı qazıntı yataqlarının ekoloji amillər nəzərə alınmadan istismarı nəinki qanunsuzdur, həm də ciddi və qanuni narahatlıq doğurur”, - deyə bəyanatda qeyd olunub. Katiblik bütün tərəfləri fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb və Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirib. 2022-ci il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci Sessiyası tərəfindən qəbul edilmiş qətnaməni xatırladaraq, Baş Katiblik Azərbaycan ilə Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması və hörmət prinsiplər əsasında normallaşdırılmasına çağırış edib.