HƏR NAXIŞINDA BİR TARİX YAŞADAN “ALPAN” XALÇALARI
Baxış sayı: 7
Azərbaycanın qədim sənət incilərindən biri olan xalçaçılıq ənənəsi bu gün də öz zənginliyini qoruyub saxlayır. Ölkənin şimal-şərqində yerləşən Quba-Xaçmaz regionu isə dünyaca məşhur Quba xalçaçılıq məktəbinin əsas mərkəzlərindən biri kimi diqqət çəkir. Quba xalçalarının bəzəyi əsasən həndəsi ornamentlərdən ibarət olub, stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri ilə zənginləşdirilir. Bu məktəbdə medalyonlu kompozisiya üslubu da geniş yayılıb və xüsusi estetik görünüş yaradır. Quba xalçaçılıq məktəbinin ən tanınmış nümunələrindən biri isə “Alpan” xalçalarıdır. Adını Susayçay çayının yaxınlığında yerləşən Alpan kəndindən alan bu xalça növü ilkin olaraq Susay və Sabat kəndlərində formalaşıb. XIX əsrin ikinci yarısından etibarən isə bu ənənə Qusar rayonunda da geniş yayılmağa başlayıb. Mütəxəssislər tərəfindən bəzən “Quba” və ya “Dağıstan” xalçaları kimi də tanınan “Alpan” nümunələri özünəməxsus kompozisiya quruluşu ilə seçilir.Bu xalçaların əsasını mərkəzi medalyon və onun ətrafında diaqonal istiqamətdə düzülən “xərçəng” elementi təşkil edir. Alpan ustalarının terminologiyasında orta hissədə yerləşən iri oymalar “çarhovuz”, onun üzərindəki xırda elementlər isə “ördək” adlandırılır. Boş sahələr isə müxtəlif formalı, stilizə edilmiş həndəsi və bitki motivləri ilə doldurulur. “Alpan” xalçalarında əsasən tünd yaşıl və sarı tonlar üstünlük təşkil edir. Bu xalçalar yüksək sıxlıq, incə naxış işlənməsi və keyfiyyətli toxunuşu ilə seçilir.Mütəxəssislər qeyd edirlər ki, Quba xalçaçılıq ənənələri bu gün də qorunur və müasir dövrdə yeni nəfəs qazanır. Regionda fəaliyyət göstərən xalça emalatxanaları qədim üsulları yaşatmaqla yanaşı, gənc nəsli də bu sənətə cəlb edir. Turistlərin artan marağı isə Quba xalçalarının beynəlxalq səviyyədə tanıdılmasına əlavə töhfə verir. Qeyd edək ki, Quba xalçaçılıq məktəbi təkcə Azərbaycanın deyil, ümumilikdə dünya mədəni irsinin qiymətli incilərindən biri hesab olunur. Onun qorunması və gələcək nəsillərə ötürülməsi isə milli kimliyin və mədəni yaddaşın yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.
