GURBULAQ ŞƏLALƏSİ

Yurdumuzun gəzib görməli yerlərindən biri də Naxçıvan Muxtar Respublikasının gözəl dağlarıdır. Təsadüfi deyil ki, Naxçıvan ərazisinin üçdə iki hissəsi hündürlüyü min metrdən yuxarı olan dağlıq sahələrdir.

Dərələyəz silsiləsinin cənub-qərb yamacında yerləşən Kükünü Naxçıvan şəhərindən 50 kilometrlik məsafə ayırır. Dağların ağuşunda, çayların qovuşağında yerləşən bu kənd sanki gözqamaşdıran təbiət lövhəsidir. Öz alması ilə məşhur olan Kükünün təbiəti ilin bütün fəsillərində dil açıb danışır. Burda təbiət insandan da duyumlu, insandan da durudur.Yol kənarındakı sal qaya parçaları, sıldırımlı dağ yamacları yemişan, həmərsin, zirinc, çöl armudu və alça ağacları ətrafda  gözəl təbiət lövhələri yaradır. Bu yerlər arıçılıq üçün də ideal məkanlardır. Burdakı dərman otlarından arılar bal hazırlayırlar. Yazın ilkin çağlarında Dərəboğazını Gurbulağın  səsi bürüyür. Gurbulaq Dərələyəz silsiləsindəki qar sularından qidalanır. Suyu bol olduğuna görə adına Gurbulaq deyirlər. Gurbulağın suyu o qədər təmiz və sərindir ki, insan içdikcə doymur. Su bulaqdan bir az aralıdakı sıldırım qayalardan üzüaşağı axır. Qayalar suyu böldüyündən şəlalə üç tərəfdən axıb gedir. Gurbulaq şəlaləsi  təxminən 40 metr hündürlükdən tökülür.