ERMƏNİSTAN DÖVLƏT SƏRHƏDİNDƏ GENİŞMİQYASLI TƏXRİBAT TÖRƏDİB

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11 - də qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub.