ERMƏNİSTAN AZƏRBAYCANLA SÜLH ÜÇÜN KONSTİTUSİYASINI DƏYİŞİR
Baxış sayı: 97
Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsinin Azərbaycanla sülh sazişini təsdiq etmədiyi təqdirdə, özünün şəxsən Konstitusiyaya lazımi dəyişiklikləri edəcəyini bildirib. O, bu barədə İrəvan dialoqu beynəlxalq forumunda çıxışı zamanı bildirib. "Ermənistan qanunvericiliyinə görə, müqavilə Konstitusiya Məhkəməsinin rəyini almalıdır. Məhkəmə mətnin konstitusiyaya zidd olduğuna qərar verərsə, qeyri-adi vəziyyət yaranacaq. Ermənistanın və mənim mövqeyim necə olacaq? Mən konstitusiya islahatlarına təşəbbüs edirəm, çünki sülh prosesini və razılaşmanı əldən buraxmaq olmaz"- deyə Paşinyan əlavə edib. Paşinyan onu da bildirib ki, Konstitusiyaya dəyişiklik Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün tələb etdiyi iki şərtdən biridir, ikincisi isə ATƏT-in Minsk qrupunun buraxılmasıdır. O, hər iki tələbi məqbul saydığını deyib. Habelə baş nazir bildirib ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Xanımlar və cənablar, mən inanıram ki, bütün mübahisələrə və bütün təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında heç bir müharibə olmayacaq, sülh olacaq – deyə Paşinyan bildirib. Habelə erməni baş nazir bildirib ki, rəsmi İrəvan sülh sənədinin imzalanmasını təmin etmək üçün səylərini davam etdirir. Ermənistan tərəfi sənədin tezliklə imzalanması üçün Azərbaycanla məsləhətləşmələr aparır. Bu sənəd həm regionun, həm də burada yaşayan hər iki xalqlın taleyini müsbət mənada dəyişəcək. Biz bunun üçün, bizdən asılı olan hər şeyi etməyə hazırıq. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da öz növbəsində jurnalistlərlə söhbətində bildirib ki, "Tərəflər bəyan ediblər ki, sazişin layihəsi razılaşdırılıb, sadəcə onun imzalanması qalıb. Hazırda biz sülh müqaviləsinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq", - deyə Qriqoryan vurğulayıb.