ERMƏNİLƏRİN SƏDƏRƏYƏ HÜCUMUNDAN 30 İL ÖTÜR

1992-ci il mayın 18-də erməni silahlı birləşmələri Laçını işğal edəndən sonra növbəti hədəf Naxçıvan idi. Həmin gün Sədərək istiqamətindən ağır silahlar və döyüş texnikası ilə hücuma keçən düşmən Azərbaycan əsgərlərinin və yerli əhalinin ciddi müqaviməti ilə rastlaşdı. Həmin gün qeyri bərabər döyüşdə, Sədərəkdə 19-20 yaşlı gənclər qəhrəmanlıq tarixi yazdılar. Amma Naxçıvandan bir qarış da olsun torpaq ermənilərə verilmədi. Əksinə hər bir naxçıvanlı, Naxçıvanda döyüşən Azərbaycan övladı daha da mətinləşdi, düşmənə olan kinini, qəzəbini silaha çevirə bildi. Çünki hər bir şəhidin ömür yolu bir qəhrəmanlıq dastanına döndü. Mayın 18-dən 22 –nə qədər davam edən döyüşdə 20-yə yaxın əsgərimiz və kəndin dinc sakinləri şəhid oldu. Bu gün bir daha aydın görünür ki, 18-22 may döyüşləri təkcə Sədərəyi işğal etmək məqsədi daşımırdı. Məlumdur ki, o zaman Ulu öndərin təşəbbüsü ilə Naxçıvanla Türkiyənin arasında Sədərək-Dilucu körpüsünün tikintisi yekunlaşmaq üzrə idi. Sonradan “Ümid” körpüsü adlandırılan bu strateji, həyati əhəmiyyətli layihə Naxçıvanın blokadasının bir tərəfli yarılması demək idi. Məhz buna görə də ermənilər bu əraziləri işğal etməklə onun reallaşmasına mane olmaq istəyirdilər. Amma Heydər Əliyevin ətrafında birləşən Naxçıvanın müdafiəçiləri qanları bahasına düşmənin bu istəyini gözündə qoydu. 1992-ci il mayın 28-də körpü açıldı.