ERMƏNİLƏR XOCAVƏNDDƏ SƏNGƏR QAZIR
Baxış sayı: 811
Qış fasiləsindən sonra Azərbaycanın Qarabağ regionunda sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilər yenidən mühəndis işlərinə start veriblər.
Beləki, mayın 3-də erməni yaraqlılarının Xocavənd istiqamətində “uzunmüddətli atəş mövqeləri” qurduqları müşahidə olunub. Üstəlik, bu hadisə sülhməramlıların gözləri qarşısında baş verib. Öz vəzifə öhdəliklərinin tələblərini yerinə yetirməyən sülhməramlılar sözügedən təxribatın qarşısını almayıblar.
Videodan aydın şəkildə görünür ki, sülhməramlılara məxsus zirehli transportyor da ərazidədir. Lakin sülhməramlılar heç bir şəkildə ermənilərin qanunsuz əməllərinə müdaxilə etməyiblər. Əksinə öz iştirakları ilə onlar üçün örtük rolunu oynayıblar.
Xatırladaq ki, may ayının 2-i axşam saatlarında ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.