ERMƏNİLƏR KƏLBƏCƏR VƏ LAÇINI ATƏŞƏ TUTUB
Baxış sayı: 434
Ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bilgi verilib. Bildirilib ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub. Bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib. Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla qeydə alınıb. Müdafiə Nazirliyindən verilən bilgiyə görə şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.