ERMƏNİ DÖYÜŞÇÜNÜ 43 SANİYƏYƏ MƏĞLUB ETDİ

Azərbaycanlı MMA döyüşçüsü Zəfər Abdürrəhmanov növbəti peşəkar görüşünü keçirib. Tbilisidə keçirilən “GFC - Georgian Fighting Championship” liqasında

mübarizə aparan Zəfər Ermənistan idmançısı Narek Qalstyan ilə qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsü ələ alan idmançımız rəqibinə ardıcıl qüvvətli zərbələr endirib. Sarsıdıcı zərbələrdən özünə gələ bilməyən erməni idmançı qarşılaşmanı davam etdirə bilməyib. GFCliqasında parlaq qələbə qazanan Zəfər qələbəsini Azərbaycan bayrağı ilə qeyd edib. Qeyd edək ki, MMA turnirlərində 3-cü qələbəsini əldə edən Zəfər Abdürrəhmanov daha əvvəl İFC liqasında mübarizə aparıb. O, karyersı ərzində cəmi bir dəfə məğlub olub. Erməni Nareki rinqə çıxmasına peşman edən Zəfər Abdürrəhmanov rəqibini 43 saniyəyə məğlub edərək yarışın çempionu adını qazanıb. Ötən gün axşam saatlarında idmançımız böyüdüyü Quba şəhərinə gəlib.Çempionu şəhərin girəcəyindəki Qoşa qapıda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, icra hakimiyyətinin məsul şəxsləri, idmançılar, ictimaiyyət nümayəndələri hərarətlə qarşılayıblar. Ziyəddin Əliyev Zəfər Abdürrəhmanovu erməni idmançı üzərində qələbə qazandığı münasibəti ilə təbrik edib, ona böyük idmanda uğurlar arzulayıb. Qarşılanmadan sonra qalib Zəfər Abdürrəhmanov idmançılarla birgə Quba Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həyatından keçən igid şəhidlərimizin xatirəsini ehtiramla anaraq, məzarlarını ziyarət edib. Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev bildirib ki, Zəfər Abdürrəhmanovun MMA döyüş növü üzrə daha bir beynəlxalq yarışa hazırlaşır. Biz də öz növbəmizdə idmançımıza gələcək yarışlarda uğurlar diləyirik.