DEPUTAT ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN İFTAR SÜFRƏSİ AÇDI

Quba şəhərində Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıb. “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlanan iftar mərasiminə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri və ictimaiyyətin digər nümayəndələri dəvət olunmuşdu. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən millət vəkili Əlibala Məhərrəmzadə qeyd etdi ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayını dünya müsəlmanları “12 ayın sultanı” adlandırırlar. “İftar süfrələrinin təşkil edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib”. Əlibala Məhərrəmzadə vurğuladı ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. “Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. İftar süfrəsində din xadimləri tərəfindən müqəddəs Qurani-Kərimdən ayələr oxundu, eyni zamanda Ramazan ayının mənəvi dəyərləri, insanları xeyirxahlığa, mərhəmətə və həmrəyliyə çağıran mahiyyəti barədə danışıldı. Qeyd edək ki, belə tədbirlər dövlət rəhbərliyinin insan amilinə verdiyi yüksək dəyərin, şəhid ailələri və qazilərə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.