DAVOSDA DÜNYA İQTİSADİ FORUMUNUN AÇILIŞI OLUB
Baxış sayı: 454
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 53-cü iclasının rəsmi açılış mərasimi olub. Açılışda formun təsisçisi Klaus Şvab çıxış edərək tədbirin görüş platforması kimi əhəmiyyətindən danışıb. O, forum iştirakçılarının mövcud böhranların həlli yollarını tapa biləcəklərinə ümid etdiyini bildirib. Açılış mərasimində bir sıra mədəniyyət xadimlərinə “Kristal” mükafatlar təqdim olunub. Forumda dünyanın 130- dan çox ölkəsindən ümumilikdə 2700 – dən çox yüksək ranqlı siyasət, elm, iqtisadiyyat və media mənsubları iştirak edir. Bu ilki forumun siyasi çalarları mətbuatın diqqət mərkəzindədir. Belə ki, pandemiya başlayandan ilk dəfə yüksək ranqlı Çin nümayəndə heyətinin iştirakı, Rusiyanın forumda təmsil olunmaması və Ukraynanın geniş heyət və mövzularla ön planda dayanması diqqətçəkən məqamlardandır. Davos formunun gündəliyində iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular əks olunub. Forum yanvarın 20-dək davam edəcək. 2023-cü ildə keçiriləcək forumun devizi “Parçalanmış dünyada əməkdaşlıq”dır.