DASTANA DÖNƏN ŞƏHİD XUDAYAR

Torpaqlarımıza azadlıq gətirənlərın sırasında onun da imzası var: Yaşasaydı bu gün 24 yaşı olacaqdı şəhidimiz gizir Xudayar Yusifzadənin. O, Vətən savaşında qəhrəmanlıq göstərməklə yanaşı, məlahətli səsi ilə döyüş yoldaşlarına dəstək olurdu. Düşmən tapdağından təmizlənən Vətən torpağını elə vətəni tərənnüm edən ifalarla salamlayaraq həmin tarixi anları telefonun yaddaşına köçürmüşdü.Cəsurlugu, mərdliyi, qəhrəmanlığı ilə yazdı dastanını şəhid gizir Xudayar Yusifzadə. 24 il əvvəl, 1998 – ci ilin bu günü Bərdənin Qazıqurdalı kəndində doğulub. Dünyaya göz açdığı 24-cü gündə atasını itirir. Ona görə də nənəsinin himayəsində böyüyüb.Əslində, musiqiçi ola bilərdi. Çünki Bərdədə bu ailəni hamı musiqiçilər ailəsi kimi tanıyır. Babası Yusif kişi və atası Müslüm Qarabağın məşhur musiqiçilərindən idi. Bu gün bu yükü əmisi Əlzamin çiyinlərində daşıyır. Şəhidimiz Bərdə 1 saylı uşaq musiqi məktəbini xanəndəlik ixtisası üzrə bitirmişdi. Amma hərb sahəsini seçdi. Hərbi xidmətindən sonra kiçik gizir hərbi rütbəsi alaraq sərhədlərimizin keşiyində dayandı.