DAHA BİR ŞƏHİD QUBADA TORPAĞA TAPŞIRILDI

Qubada Birinci Qarabağ müharibəsində itkin düşmüş və artıq kimliyi rəsmi şəkildə təsdiqlənmiş şəhid İdris Baxışovun dəfn mərasimi keçirilib.  Əvvəlcə Bakı-Quba yolunun rayonun

Zərqava kəndinə dönən hissəsində şəhidin qalıqları olan tabutunun ehtiramla qarşılanması mərasimi keçirilib. 

Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, sakinlər, şəhidin yaxınları 31 il sonra şəhid kimi doğma rayonuna dönən İdris Baxışovun nəşini böyük ehtiram və hörmətlə qarşılayıblar. Sonra cənazəni aparan avtomobil karvanı İdrisin doğulduğu Qənidərə kəndinə istiqamət alıb. Ata evində vida mərasimindən sonra İdris Baxışovun tabutu kənd qəbiristanlığına aparılıb. 

Qeyd edək ki, şəhid İdris Baxışov anası, atası və qardaşının yanında torpağa tapşırılıb.  Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını şəhidin qardaşı Oruc Baxışova təqdim edib.

Qeyd edək ki, İdris Baxışov 1973-cü ildə Quba rayonunun Qənidərə kəndində anadan olub. O, 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, müxtəlif döyüşlərdə iştirak edib və 1 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin meyitinin qalıqları 32 ildən sonra elə Kəlbəcər rayonunun ərazisindən tapılıb.