DAŞKƏNDDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ XEYRİYYƏ TƏDBİRİ KEÇİRİB

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyi günlərinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib. Tədbirdə Daşkənddəki 106, 22 və 102 nömrəli internat məktəblərinin, Çirçik şəhərindəki 14 saylı uşaq evinin 200-dən çox şagirdi və müəllimləri iştirak edib.Əvvəlcə uşaqlar Mədəniyyət Mərkəzinin Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Heydər Əliyev Muzeyi ilə tanış olub, onlara Azərbaycan tarixi, mədəniyyətinə dair geniş bilgi verilib. Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxana və muzeylər üzrə mütəxəssisi Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycanın dövlətçilik tarixi, tarixdə mövcud olmuş Azərbaycan dövlətləri, tarixi şəxsiyyətləri, ölkəmizin adət və ənənələri haqqında danışıb, uşaq və yeniyetmələri müxtəlif guşə və eksponatlarla tanış edib.Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Nadir Əlimirzəyev Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhəri, Qarabağ və Şərqi Zəngəzur regionunun erməni işğalından azad olunduqdan sonra geniş quruculuq və yenidənqurma işlərinə başlandığını vurğulayıb. O, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Şuşa ili” elan edildiyini qeyd edib və Şuşa şəhəri, onun mədəniyyətimizə verdiyi töhfələr haqqında danışıb. Sonra uşaqlara “Qarabağ atı” animasiya filmi özbək dilində təqdim olunub. Tədbirin sonunda Azərbaycan Mədəniyyət Mərkəzi adından uşaqlar və müəllimlər Azərbaycan və Özbəkistan milli təamlarına qonaq ediliblər.