DAŞKƏNDDƏ BİZNES-FORUM KEÇİRİLİB
Baxış sayı: 715
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən Biznes Forumda Azərbaycan və Özbəkistandan olan iş adamları, habelə bu ölkədə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
İlk olaraq Forum iştirakçıları Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə, habelə Şəhidlər abidə kompleksinə çiçəklər düzüblər.
Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyun ayında Özbəkistana səfəri və ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərə dair foto sərgi nümayiş etdirilib.
Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Forumu açıq elan edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov tədbirdə hər iki tərəfdən orta və kiçik sahibkarlıq sahələrinin 30-dan çox nümayəndəsinin iştirak etdiyini qeyd edib. Samir Abbasov bildirib ki, bu il 21-22 iyun tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni bir dövrün başlanğıcı olduğunu söyləyib.Azərbaycanın “Ekvita” firmasının direktoru İlqar Mehdi Özbəkistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafını, statistik rəqəmlərlə təhlil edib, biznes dairələrinin daha sıx əlaqələr qurması imkanlarından danışıb.
Sonra iş adamlarının iştirakı ilə ikitərəfli görüşlər keçirilib, konkret layihələr müzakirə olunub, qonaqlar Daşkəndin bir sıra biznes sahələri ilə tanış olublar.