DAŞKƏNDDƏ AZƏRBAYCAN-ÖZBƏKİSTAN DOSTLUQ MUZEYİ AÇILIB
Baxış sayı: 525
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçək dəstələri düzüblər. Muzeyin açılış lenti kəsidikdən sonra, qonaqlar muzeyin müxtəlif bölümləri və eksponatları ilə tanış olublar. Mərasimi giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açılışı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Dostluq Muzeyi haqqında geniş bilgi verib. Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisinin deputatı Gülbahor Səidqəniyeva ulu əcdadlarımızdan bizə miras qalan Azərbaycan və özbək xalqları arasında tarixi dostluqdan danışıb. Özbəkistan Respublikası Nazirlər kabineti yanında Beynəlxalq Münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədr müavini Azamat Toşov dövlətlərimizin çoxmillətli və çoxmədəniyyətli ölkə olduqlarını qeyd edib.
Daha sonra çıxış edən Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Mətbuat Mərkəzinin rəhbəri Şerzodxan Qudratxoca açılan Dostluq Muzeyinin iki qardaş xalq arasında qədim dövrdən başlayan mədəni-ədəbi əlaqələrin, dostluq münasibətlərinin, çoxsaylı ortaq dəyərlərimizin unikal eksponatlarla və guşələrlə nümayiş etdirdiyini bildiriblər. Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru Cənnət İsmayılova bu Dostluq Muzeyi vasitəsi ilə nümayiş etdirilən eksponatların düşünülmüş məntiqi təşkil edildiyini, ziyarətçiyə təsir edən uğurlu bir təqdimat növünün seçildiyini söyləyib.
Muzeyin “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı bölməsində qardaş Özbəkistanın ictimai, mədəni həyatında fəal iştirak etmiş Seyid Rza Əlizadə, şairlər Məqsud Şeyxzadə, İxtiyar Rza, dövlət xadimi Aydın Əzimbəyov, heykəltəraş Eynulla Əliyev və rəssam Yusif Hüseynovun büstləri, onların əsərləri və şəxsi əşyaları təqdim olunur. Mərasimdə qeyd olunub ki, Azərbaycan-Özbəkistan dostluq muzeyinin açılması cəmiyyətimizə və gənc nəsillərə tarixi dostluğumuzu və əməkdaşlığımızı nümayiş etdirmək, xalqlarımızın yaxınlığı, ümumi mədəni dəyərlərimizi geniş təbliğ etmək üçün yaxşı imkan yaradacaqdır.