DƏRBƏNDİN QƏDİM YERALTI HAMAMLARI BƏRPA OLUNACAQ

Birinci əsrin müəlliflərindən olan İosif Flavi bu yeri Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latın dilli müəlliflər Kaspi keçidindən danışarkən onu "qapı", "darvaza",

"şəhər qalası", "keçid" və "çıxış" sözləri ilə də əvəz etmişlər. Əlbətdəki söhbət Qədim Dərbənddən gedir. Mənbələrdən aydın olur ki, Kaspi keçidi eramızın birinci əsrindən strateji əhəmiyyətli keçidlərdən biri olub. Bu keçid Şimali Qafqazla Cənubi Qafqazı Yaxın və Orta Şərqlə birləşdirən mühüm vasitə idi. Dərbəndin adı Azərbaycan türklərinin, eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da çəkilir. Qədim Dəbəndin tarixindən bir də onun tarixi abidələri xəbər verir. Burdakı  Minarəli məscid (XIV), Şah Abbas məscidi (XVII), Sultan Bayat hamamı (XVII-XVIII), Xan məqbərəsi (XVIII), yer altı su anbarı (VIII-XVII), Xan sarayının qalıqları (XVIII) kimi memarlıq inciləri buna misal ola bilər. Dərbənddəki qədim Narın Qala tarixi-memarlıq kompleksi və Cümə məscidi isə 2003-cü ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.Hazırda Dərbəndin yeraltı hamamlarında bərpa işləri gedir. XII-XVI əsrlərə aid olan yeraltı hamamlar  bərpa olundan sonra  turistlərin ziyarətinə açılacaq. Bu barədə Dərbənd şəhərindəki Muzey-Qoruğun direktoru Əli İbrahimov məlumat verib. Onun sözlərinə görə analoqları Azərbaycanda, İranda və Gürcüstanda da olan bu hamamlardan biri turistlərin istifadəsinə veriləcək. Burada onlar üçün qədim hamam ənənələri yenidən nümayiş etdiriləcək. Ə.İbrahimov bildirib ki, hazırda bərpa işlərinin layihələşdirilməsi aparılır və ilin sonunda restavrasiya üçün vəsait ayrılması nəzərdə tutulur.