DÜNYA VELOSİPED GÜNÜ

Ötən ildən  BMT-də yeni bayram təsis edilib: Dünya Velosiped Günü iyunun 3-də qeyd ediləcək. BMT Baş Məclisi bu barədə 2018-ci il aprelin 12-də müvafiq qətnamə qəbul edib.

BMT Xəbərlər Mərkəzinin yaydığı bilgiyə görə  3 İyun Velosiped Günününü keçirilməsi ilə bağlı olan sənədin müəllifləri hökumətlərə, özəl sektorun təmsilçilərinə və ictimai qurumlara bu günü BMT ilə birlikdə qeyd etməyi, habelə velosipedin təbliğinə kömək göstərməyi təklif edirlər.

Velosiped asanlıqla idarə olunan, qiymətcə münasib, ekoloji cəhətdən təmiz və etibarlı nəqliyyat vasitəsidir, fiziki və psixi sağlamlığı möhkəmləndirməyə kömək edir. Artıq 200 ildir bəşəriyyətin istifadə etdiyi velosiped qətnamədə belə təsvir edilib.

Bilgi üçün qeyd edək ki, Velosipedə minmək kalori yandıraraq çəki azaltmaq üçün çox faydalıdır. Böyük əzələlər işlədiyi üçün 65 kilo çəkisi olan bir qadın bir saat ərzində orta sürətli velosipedlə təxminən 500 kalori yandırmış olur. Həm də velosipedə minmək oynaqların həddindən artıq yük qaldırmadığı üçün hər yaşda olan insanlar üçün ideal bir məşqdir.

Amma Məşq etmək sadəcə arıqlamaq deyil, eyni vaxda sağlam və formada qalmaq üçün də əhəmiyyətlidir. Nizamlı olaraq ürək damarlarını məşq etdirən insanlar daha uzun ömür yaşayırlar. Sağlam ağciyərlərə sahib olmaq astma kimi tənəffüs xəstəliklərinə daha müqavimətli olmaq deməkdir. Orta və ya yüksək sürətli velosipedə minmək ürək döyüntüsünün sürətini artırar və formada qalmağa kömək edər.

Velosipedə minmək hərəkətli və ya sabit bir velosiped üzərində edilən müqavimətli idman növüdür. Pedalları çevirərkən əzələlər inkişaf edir. Diz əzələləri kimi böyük əzələlər inkişaf edir, maddələr mübadiləsi sürətini artırır. Velosipedə minmək eyni vaxtda diz və ayaq biləyi əzələlərini də gücləndirir. Diz ağrısı çox rast gəlinən bir narahatlıqdır, velosiped sürməklə oynağın ətrafındakı əzələləri inkişaf etdirmək burxulma və əzilmənin qarşısını alar.

Bütün bu üstünlüklərlə yanaşı, velosipedə minərək istixana qazını və yol tıxaclarını da azaltmış olur. Velosiped ekologiyaya ziyan vurmayan əsas və ən sərfəli nəqliyyat vasitəsi sayılır. Lakin fransalı mühəndis Fransua Jissi velosipedi dünyaya həm də ən sürətli nəqliyyat vasitələrindən biri kimi tanıdıb. Onun hazırladığı velosiped saatda 333 km. sürətlə hərəkət edərək Ginnesin rekordlar kitabına düşüb. Həmin sürəti yığmaq üçün ona cəmi 4.8 saniyə kifayət edib. Amma o, bu nəticəyə sadəcə pedalları fırlatmaqla nail olmayıb. Bunun üçün ixtiraçı velosipedə xüsusi olaraq hazırladığı və 560 at gücü olan raket mühərrik quraşdırıb.