“İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm imkanlarının təbliğatı qətiyyən yolverilməzdir”. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən
Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında çıxış edib. İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm imkanlarının təbliğatı qətiyyən yolverilməzdir. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında söyləyib.
Turizmdə etik normaların vacibliyindən danışan agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda o daha da effektiv quruma çevrilir.
Fuad Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu qətiyyən yolverilməzdir və bu halların qarşısı alınmalıdır.
Xatırladaq ki, sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb. 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxsin iştirak etdiyi sessiyanın gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.