DÖVLƏTÇİLİK TARİXİMİZİN MÜHÜM SƏHİFƏSİ
Baxış sayı: 644
Ulu Öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbət və ardıcıl qayğı, xüsusi yer tutur. 20 iyul 1990 – cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi, xalq böyük coşqu ilə qarşıladı.
Həmin vaxt Naxçıvan son dərəcə ağır şəraitdə yaşıyırdı. Bir tərəfdən iqtisadiyyat tamamilə dağılaraq iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu isə kritik həddə idi. Siyasi burulğanlar, hərc – mərclik respublikanın hər yerində olduğu kimi, burada da baş alıb gedirdi. Digər tərəfdən isə xain qonşuların aramsız hücumları bölgədəki ağır vəziyyəti, daha da mürəkkəbləşdirmişdi.
O zamankı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi. Muxtar Respublika son dərəcə ağır durumda idi. Belə bir vaxtda xalqın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi, əhalinin əsl nicatına çevrildi. Ümummilli liderin 22 iyul 1990 – cı ildə Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması, böyük əhəmiyyət daşımaqla, bütövlükdə ölkəmiz üçün mühüm bir hadisəyə çevrildi.