BUZDUX DAĞINDA ÜÇRƏNGLİ BAYRAĞIMIZ DALĞALANIR

Ordumuz tərəfindən Buzluq dağı və ətrafındakı yüksəkliklər nəzarətə götürülüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Xatırladaq ki, avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını kobud surətdə pozaraq bölmələrimizə qarşı terror-təxribat əməli törədib. Nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Azərbaycan Ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız, Sarıbaba və bir sıra digər hakim yüksəkliklər nəzarətə götürülüb. Hazırda həmin yerlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.