BU İL LAHICA ÖTƏN İLLƏRDƏN DAHA ÇOX TURİST AXINI VAR

İsmayıllı təbii şəraitinin zənginliyi, qədim tarixi ilə dünyanın dörd bir yanından turistləri cəlb edir. Həmçinin regionların inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramları çərçivəsində görülən işlər rayonu turizm məkanına çevirib. İsmayıllı rayonunda yerli və xarici turistlərin istirahəti üçün 30-dan çox turizm obyekti var. Ötən ildən fərqli olaraq, bu il rayona gələn yerli turistlərin sayında artım qeydə alınıb. Qonaqları kənd evlərinə cəlb etmək üçün yerli sakinlər həyətlərdə xüsusi şərait yaradıblar. Rayona gələn xarici və yerli turistlər üçün bələdçilər, tərcüməçilər və sürücülər təşkil olunur.Rayona üz tutan qonaqlar daha çox Lahıc və Basqal tarix-mədəniyyət qoruqlarına səfər edirlər. Xatırladaq ki, Lahıc qəsəbəsində 108 tarixi abidə mühafizə olunur. Bütövlükdə isə rayon üzrə 233 tarixi və mədəniyyət abidəsi qorunub saxlanılır. Rayonun təbiəti, heyvanat aləmi çox zəngindir. Ərazisinin xeyli hissəsi dağlıq zonada yerləşir. Onuda qeyd edək ki, Azərbaycanda turizmin planlı şəkildə inkişafı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsirini göstərməkdədir.