BAYRAĞI CANINDAN ƏZİZ TUTAN QUBALI ŞƏHİD
Baxış sayı: 668
Üç rəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
Bəxtiyar Vahabzadənin bir vaxtlar yazdığı bu misralar məhz Azərbaycanın Eynulla Lətifov kimi qəhrəman oğullarının şərəfinə yazılıb, dillər əzbər olub. Mübaliğəsiz. Necə varsa elə olduğu kimi. Əsl qəhrəmanlıq dastanları da belə yazılmırmı?
3 rəngli Azərbaycan bayrağını öz qanıyla Vətən göylərinə çəkən Eynulla Lətifovun doğum gününü qeyd etmək üçün toplanmışdı hamı. Elə Qubanın II Nügədi kəndindəki Eynulla Lətifov küçəsində. Öncə Şəhidin torpağa tapşırıldığı kənd qəbirstanlığına gedildi, şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxundu. İgid Azərbaycan oğlunu əziz xatirəsini yad edənlər arasında Quba rayon İcra hakimiyyəti aparatı rəsmiləri, hüquq mühafizə orqanı əməkdaşları, müxtəlif dövlət qurumları və ictimayiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları iştirak etdi. Qəhrəman əsgərin məzarı ziyarət olunduqdan sonra onun xatirəsini əbədiləşdirmək üçün ucaldılan bulağın açılış törəni oldu. Xatirə bulaq kompleksinin açılış mərasimi dövlət himnin səsləndirilməsi və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Mərasimdə çıxış edən Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev öz qəhrəmanlıqları və şücaətləri ilə adlarını Azərbaycanın şanlı Zəfər tarixinə öz qanlarıyla yazan şəhidlərimizin hər birimizn qəlbində daim yaşayacağını vurğuladı. 44 günlük Vətən Müharibəsində başda Ali baş komandan olmaqla qəhrəman Azərbaycan ordusunun keçdiyi zəfər yolundan söz açıldı.
Çıxışlarda həmçinin Vətən müharibəsinin ilk günündən manqa komandiri kimi döyüşlərə qatılan Eynulla Lətifovun savaşda göstərdiyi qəhrəmanlıqlardan danışıldı. Çıxışlardan sonra xatirə bulaq kompleksinin açılışı oldu. Mərasim iştirakçıları şəhid buıağından su içib bulağın çevrəsinin təzə -tər gül dəstələri ilə bəzədilər.
44 GÜNLÜK Vətən Müharibəsində yaralanan və şəhid olan qəhrəman əsgərlərimizin təxliyyəsində iştirak edən Mehman Novruzov Eynulla Lətifovun oktyabrın 19-da Xocavənd rayonunda döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucaldığını bildirdi.
Xatırladaq ki, 2001-ci il sentyabrın 8-də Qubanın II Nügədi kəndində dünyaya göz açan Eynulla Lətifov 2020- ci il oktyabrın 19-da şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Eynulla Lətifov “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.