BAKIDA “ÇANAQQALA DÖYÜŞLƏRİ: CƏBHƏDƏN FOTOLARLA” SƏRGİSİ AÇILIB

Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, qardaş ölkənin Bakıdakı səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramı keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra qonaqlar “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” sərgisinə baxıblar. Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə əlaqələrindən və Çanaqqala savaşında qazanılmış tarixi zəfərdən bəhs ediblər.Vurğulanıb ki, Çanaqqala zəfəri təkcə Türkiyə xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyidir. Sonra tədbir panel hissə ilə davam edib. Proqram çərçivəsində iştirakçılar Çanaqqala Döyüşləri Mobil Muzeyini də ziyarət ediblər. Mobil muzeydə döyüşlərə dair orijinal fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunub.Layihə çərçivəsində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilən treyler; səs effekti, ab-havası və dizaynı ilə əbədiyaşar Çanaqqala ruhunu Türkiyənin və dünyanın dörd bir tərəfinə daşımağı hədəfləyir. Qeyd edək ki, Sərgi və Mobil muzey oktyabrın 25-dək Azərbaycan İstiqlal Muzeyində ziyarətçilər üçün açıq olacaq.