AZMİU-NUN YARADILMASININ 50-Cİ İLİNDƏ MƏZUN GÜNÜ
Baxış sayı: 40
Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2024/2025-ci tədris ilində başa vurmuş tələbələrin “Məzun Günü” münasibətilə mərasim təşkil olunub. Tədbirə universitetin rəhbərliyi, akademik heyəti, tanınmış elm və ictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri qatılıb. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək məzunları ürəkdən təbrik edib, onların valideynlərini və müəllimlərini təhsil prosesindəki səylərinə görə xüsusi təşəkkürlə yad edib. O, AzMİU-nun ötən 50 ildə keçdiyi inkişaf yolundan danışaraq bu gün universitetin ölkənin aparıcı ixtisaslaşmış ali təhsil müəssisələrindən biri kimi tanındığını vurğulayıb. Rektor bildirib ki, məzunlar sırasında 51 nəfər əcnəbi tələbə də yer alır ki, bu da universitetin beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıq imkanlarının göstəricisidir.Sonra Elm və Təhsil nazirinin müavini İdris İsayev və AzMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədri Nərman Topçubaşev çıxış edərək məzunlara öz təbriklərini. Mərasimdə çıxış edən digər fəxri qonaqlar da məzunları bu əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar AzMİU-nun yetişdirdiyi məzunların Azərbaycanın sosial-iqtisadi inkişafında, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma proseslərində mühüm rol oynayacağını qeyd ediblər. Tədbirin rəsmi hissəsində universitet rəhbərliyi və qonaqlar tərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Həmçinin təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakı ilə seçilən məzunlar xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Rəsmi hissədən sonra sevilən ifaçıların və DJ Kamonun təqdimatında səsləndirilən populyar mahnılar məzunlara unudulmaz anlar yaşadıb. Sonda məzunların ənənəvi “papaqatma” mərasimi olub.