AZƏRBAYCANLI TƏLƏBƏDƏN GƏLƏCƏYİN İXTİRASI
Baxış sayı: 314
Davidlə Qafqaz TV-nin yaradıcı birliyinin tanışlığı hələ 2019-cu ildən başlanıb. O çağlar yeni ixtiralar, yeni qurğular yaratmaq həvəsində olan Davidin kənd təsərrüfatı sahəsində bütün bağbanların işinə yaraya biləcək yeni ixtirasının sorağını eşidib getmişdik bu yeniyetməni tanımağa. Elə o zaman da gələcəkdə Davidin hələ neçə-neçə yeni ixtiralara imza atacağı gözlərindən oxunurdu. Və budur, David yenə kameralarımızın önündədir. Bu dəfə də yeni ixtira, yeni uğurla. Həm də məktəbli kimi yox, artıq ali təhsilin bir pilləsini arxada qoyan, magistratura tələbəsi kimi.
David Əliyev Qusar rayonundandır. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter Mühəndisliyi üzrə magistiratura təhsili alır. İlk İxitarasını etdiyi gündən bu günə daha yetişkin, öz sahəsinin yaxşı bilicisinə çevrilsə də David yenə də yaradıcı birliyimizin ilk tanıdığı, öz uğurundan üzündə xəfif çəkingənlik dolu sadə gülümsəməsi olan David idi. Elə bizə də öz uğurlarından bu sadə və saf gülümsəsməsi ilə başladı danışmağa.
Öz uğur sirrini bölüşən David deyir ki, onun və komandasının uğurunun ən önəmli sirri gecə-gündüz çalışmaları və araşdırmaları oldu. Amma bu çalışmalardan başqa Davidin texnologiya sahəsində atasından örəndiyi bir sirri də var ki, onu elə sirr olaraq da saxlamaq qərarına gəldi.
Davidin atası Əmrulla Əliyev deyir ki, Daviddə texniki qurğulara həvəs hələ uşaq yaşlarından olub. Elə mexanizmlərin dilini də ilk ondan öyrənib.
Əmrulla Əliyev onu da vurğuladı ki, Qafqaz TV Davidin ilk ixtirasını işıqlandırmaqla onun gələcək uğurlarına təkan verib.
Gələcəkdə robotexnika sahəsində çalışmalarını daha da genişləndirməyi düşünən Davidin arzusu yaşadığı bölgədə öz biliklərini gənclərlə təmannasız paylaşa bilcəyi bir məktəbin açılmasıdır.
İnanırıq ki, belə gənclərin sayəsində Azərbaycan elmi-texniki inkişafın indi başlanan süni intellek və robototexnika mərhələsində öz yeri və öz sözü olan dövlətə çevriləcək.