AZƏRBAYCANIN MİLLİ PARKLARI ALTERNATİV ENERJİ TƏMİNATINA KEÇİR.

 Dekabrın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Şirvan Milli Parkında istifadəyə verilmiş alternativ enerji mənbələrindən biri olan Günəş panellərinə baxış keçiriblər. Günəş panelləri Yaponiyanın “ITOCHU Corporation” şirkətinin dəstəyi ilə quraşdırılıb.Bəs milli parklarımızda daha hansı yeniliklər var?

Bildiyimiz kimi dünyada alternativ enerji mənbələrinin dəstəklənməsi tendensiyası gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də enerjinin bu növünün istifadəsinin tərəfdarıdır.Çünki alternativ enerji mənbələrindən istifadəyə keçmənin özü də təbiətə bir töhfədir.Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, Günəş panelləri həm Şirvan, həm də Qızılağac milli parklarında quraşdırılıb və istifadəyə verilib.Gələcəkdə digər xüsusi mühafizə olunan təbiət ərazilərində də alternativ enerji mənbələrindən istifadəyə keçilməsi planlaşdırılır.Günəş panelləri vasitəsilə milli parkın 4 inzibati təyinatlı binası və bir giriş postu elektrik enerjisi ilə təchiz olunur: Milli parklarda Günəş panellərinin quraşdırılması alternativ enerji mənbələrindən istifadəni stimullaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, elektrik enerjisindən istifadəyə qənaət olunur.O qeyd edib ki, milli parklarda 3D virtual başlıqların istifadəsinə başlanılıb.Həmin cihazdan istifadə etməklə qısa müddət ərzində milli parkın bütün özəllikləri ilə tanış olmaq mümkündür. Artıq Şirvan Milli Parkında da turistlər 3D virtual başlıqlardan istifadə edə bilərlər.Gələcəkdə digər milli parklarda da bu cür texniki vasitələrin istifadəsinə üstünlük veriləcək.Məqsədimiz ekologiyaya müsbət təsir etmək,ətraf mühitin çirklənməsinin qarşısının alınmasına nail olmaq,turistlərə daha çox məlumat verməkdir.