“AZƏRBAYCANIN 7 MÖCÜZƏSİ” NAXÇIVANDA

Azərbaycanda ilk dəfə reallaşdırılan “Azərbaycanın 7 möcüzəsi” layihəsi çərçivəsində Möminə xatun türbəsi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Naxçıvanqala,

Nuh Peyğəmbərin türbəsi, Duzdağ Fizioterapiya Mərkəzi və duz istehsalı sahəsi, Əlincəqala, Haçadağ, Xanəgah Abidə Kompleksi, Qarabağlar Türbə Kompleksi, Gülüstan türbəsi, Gəmiqaya, Sədərək rayonunun Heydərabad qəsəbəsi, Cəlilkənd buzxanası və Yengicə kəndindəki Şərq hamamında çəkilişlər aparılıb, tarixi və memarlıq abidələrimiz “Azərbaycanın 7 möcüzəsi” seçimlərinə daxil edilib. Layihənin məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, Azərbaycan tarixinin mübahisəli və təhrif edilmiş faktlarını dövrün tarixi abidələri fonunda öyrənərək araşdırmaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqəti yönəltməkdir. Həmçinin “Azərbaycanın 7 möcüzəsi” layihəsi ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoyub. Qeyd edək ki, foto və videogörüntüləri götürülən abidələr haqqında məlumatlar yeddi.az saytına yerləşdirilir. Sözügedən saytda “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsverməsi keçirilir. Səsvermə oktyabrın 18-də başa çatacaqdır.