Nazirlər Kabineti Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərar qəbul edib. Nazirlər Kabinetindən bildirilib ki, dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır.
Belə ki, qərar magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilən müddətdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və həmin imtahandan “məqbul” qiymət alan bakalavrlar seçə biləcəklər.