Tətbiqin icrası ilk dəfə Qubanın Alekseyvka kənd məktəbində gerçəkləşib. Qubanın Alekseyvka kənd məktəbində Azərbaycanda ilk dəfə “İnteraktiv texnologiya” sisteminin tətbiqinə başlanılıb.
Əməkdaşımız Zeynəb Nadirovanın hazırladığı sujetdə bu yeniliyin üstünlüklərindən bəhs edilir. Cari tədris ilində istifadəyə verilən Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində şagirdlərin qarşılaşdığı yenilikliklərdən biri də interaktiv sinif otağı olub. “İnteraktiv texnologiya” sisteminin üstünlüklərindən bəhs edən məktəbin informatika müəlliminin sözlərinə görə, yeni yaradılan interaktiv texnologiya kabinetində uşaqlar istədikləri zaman internetə qoşularaq dərslərini öyrənmək üçün bu imkandan yararlana bilərlər. Stolüstü planşetlər rəqəmsal materialları öyrənməyə və təhsil prossesi zamanı kollektiv iş aparılmasında əsas vasitədir. Uşaqlar xüsusi 3D eynəklər vasitəsi ilə müxtəlif məkanlara, flimlərə, oyunlara səyahət etmə imkanı da əldə edə bilirlər. Xüsusi Flip Board lövhəsi adi yazı taxtası kimi istifadə edilə bilir və üzərində smartfon və kompyuterdə qeyd edilən məlumatları əks etdirmək imkanı yaradır. Məktəbin informatika müəllimi Rövşən Zamanov onu da bildirdi ki, “İnteraktiv texnologiya” kabineti sayəsində şagirdlər rəqəmsal texnologiyalar ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Onu da qeyd edək ki, ənənəvi üsuldan fərqli olaraq yeni sistem şagirdlərin böyük marağına səbəb olub.