AZƏRBAYCAN TURİZMİ 2022-Cİ İLİ NECƏ BAŞA VURDU?

Bu il dünya turizmində olduğu kimi, ölkəmizdə də bu sahədə canlanma hiss olunub. İlin əvvəlində turizm sahəsində proqnozlaşdırılan bərpa prosesi tam sürətlə gedib. Bütövlükdə, ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılması üçün bir çox işlər görülüb. Bəs 2022-ci il Azərbaycanın turizm sahəsində hansı hadisələrlə yadda qaldı? Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsi üçün yeni imkanlar açdı. Əlbətdə ki, turizm bu regionda aparıcı sahələrdən biri olacaq. Artıq bu istiqamətdə bir neçə layihənin icrasına da başlanılıb.Qeyd edək ki, Şuşaya turizm səfərlərinin təşkili üçün işlər yekunlaşmaq üzrədir. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm səfərləri edəcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur.