AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARANMASININ 106 İLİ TAMAM OLUR

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə -

Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Ordumuzun ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edilib. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. Son illər ərzində Azərbaycanda ordu quruculuğuna kifayət qədər böyük məbləğ ayrılıb, Silahlı Qüvvələrimiz müasir silah növləri ilə təchiz edilib. Ordu quruculuğu sahəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında görülən işlərin nəticəsi ilk olaraq 2016-cı ilin aprel döyüşlərində, 2 il sonra isə Günnüt zəfərində özünü göstərdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda tarix yazdı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Paradda 3 000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir. 2023-cü il sentyabrın 19-da Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, "boz zona"ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi. Hazırda Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndidə, Xocalıda - bütün Qarabağda və Şərgi Zəngəzurda dalğalanır. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.