AZƏRBAYCAN MƏTBƏXİ BEYNƏLXALQ FESTİVALDA
Baxış sayı: 652
Özbəkistanın Daşkənd şəhərindəki Mirzo Uluqbek adına Mərkəzi parkında bu ölkəyə akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər və mədəniyyət mərkəzləri arasında XVIII “Mədəni ənənələr və xalqların milli mətbəxi” festivalı keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən bilgiyə görə, festivalda Azərbaycan, Türkiyə, Rusiya, Əfqanıstan, Misir, Belarus, Almaniya, Gürcüstan, Hindistan, İtaliya, Avropa Birliyi və başqa ölkələrin nümayəndələri iştirak edib, ölkələrinin mədəniyyəti, milli mətbəxini təqdim ediblər. Azərbaycanı beynəlxalq festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Qeyd edək ki, milli yeməklərin satışından əldə olunan vəsait tibbi-sosial yardım kimi Özbəkistanın Daşkənd və Fərqanə şəhərlərindəki uşaq evlərinə, habelə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Mürüvvət” internat məktəblərinə köçürüləcəkdir.Yüksək səviyyədə təşkil olunmuş tədbirin sonunda milli adət-ənənələrə, yeməklərin keyfiyyətinə, milli rəqsə, musiqiyə və ən yaxşı geyimə görə fəal iştirak edən qurumlara diplomlar verilib. Keyfiyyət, professionalizm, milli mətbəxin yüksək səviyyədə təqdim edilməsinə görə Azərbaycan Mədəniyyət Mərkəzi xüsusi diploma layiq görülüb.