AZƏRBAYCAN KƏLAĞAYILARI BURSADA
Baxış sayı: 633
Sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir. Azərbaycan ipəyi ilk dəfə bu festivalda nümayiş etdirilir. Ölkəmiz festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunur. Məqsəd Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir. Sərgidə Şəkidə “Azəripək” MMC tərəfindən istehsal olunan ipək nümunələrinin, əsasən qədim Azərbaycan baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçirilir. Habelə tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən videomateriallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi və ustad dərslərinin təşkili nəzərdə tutulur. Tədbirin açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş Azərbaycan stendini ziyarət edib. Dörd gün davam edəcək tədbirdə yerli, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi türkdilli ölkələrin milli ipək nümunələrindən ibarət sərgiləri təşkil olunur. Təşkilatçılar tərəfindən ipək festivalı çərçivəsində hər günə məxsus müxtəlif ekskursiya və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.