AZƏRBAYCAN ERMƏNİ HƏRBÇİLƏRİNİN MEYİTİNİ TƏHVİL VERDİ

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bilgi verilib.Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12 sentyabrdan 14 sentyabradək tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı əks-hücum əməliyyatı nəticəsində zərərsizləşdirilən erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Bildirilib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək. Onu da qeyd edək ki, daha əvvəl Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.