AVTOBUSLAR İRANDA GÖMRÜK YOXLAMASINDAN KEÇİRİLMƏYƏCƏK

Azərbaycan-İran gömrük xidmətləri arasında əldə olunan razılığa əsasən, iyulun

24-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə səfər edən sərnişin avtobusları daha tez mənzil başına çatacaq və sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamaları azaldılacaq. Bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi və DANX-nin İctimaiyyətlə əlaqələr sektorunun birgə yaydığı məlumatda deyilir.

Məlumata görə, əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçirilir və bu zaman həm də sərnişinlərin əl yüklərin dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, xüsusilə gecə reyslərində səyahət edən sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.

Son bir il ərzində İran İslam Respublikasının gömrük xidmətinin rəhbərliyi ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İran İslam Respublikasının müvafiq qurumları qarşısında məsələ qaldırılıb. Aparılan danışıqların və həyata keçirilən tədbirlərin nəticəsi olaraq iyun ayının 13-ü 2019-cu ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd keçid məntəqələrində yoxlanma prosedurlarında dəyişikliyə dair razılıq əldə olunub.

Razılığa əsasən Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verdiyi üçün avtobuslar İran İslam Respublikasında artıq gömrük yoxlamasından keçirilmir. Beləliklə, İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.Qeyd edək ki, tərəflər arasında keçirilən görüş zamanı iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, tranzit dəhlizlərinin potensialının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.