ASTANADA 6-CI ZİRVƏ TOPLANTISININ PLENAR İCLASI KEÇİRİLİB
Baxış sayı: 495
Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Əvvəlcə plenar iclasın gündəliyi qəbul edildi. Sonra Küveytə AQEM-ə üzv dövlət statusu verildi. Beləliklə, Küveyt AQEM-in 28-ci üzv dövləti oldu. Türkmənistan isə AQEM-ə müşahidəçi qismində qoşuldu. AQEM-in sədri olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək 5-ci Zirvə Toplantısından ötən dövrdə görülən işlər barədə bilgi verdi. Sonra Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iclas iştirakçılarına videomüraciəti nümayiş olundu. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev plenar iclasda çıxış etdi. Sonra digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər. Plenar iclasda AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi planları müzakirə olundu. Növbəti iki ildə - 2022-2024-cü illərdə də AQEM-ə Qazaxıstan sədrlik edəcək. Sonda Astana bəyannaməsi və digər sənədlər qəbul edildi.