APREL DÖYÜŞLƏRİNDƏN 4 İL ÖTÜR

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 4 il ötür. Üç gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verib.

Döyüşlər Ermənistan silahlılarının atəşkəsi pozması nəticəsində başlayıb. 2016-cı il Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb və ordumuz şəhid verib. Cəbhə boyu erməni silahlıları tərəfindən dinc əhaliyə qarşı hücumlar olub. Bu hadisələr nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralanıb. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəkliyə Azərbaycan ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində Bu döyüşlərdə erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası sıradan çıxarılıb, 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprel hadisələri Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi. Siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər bir kəs öz vətəndaşlıq mövqeyini göstərdi. Ən əsası isə Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı.