Martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi və konfrans keçirilib
Quba rayon İcra hakimiyyətinin, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi konfransda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
Konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirin açılışında şagirdlər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” muğamını ifa ediblər.
Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov açılış nitqində bildirib ki, konfransın məqsədi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasıdır.
Konfransda mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər bir xalqın tarixində ağrılı, çətin məqamlar olduğunu bildirib. “Geri dönüb həmin hadisələrə diqqətlə baxmaq, tarixin dərslərindən ibrət götürmək vacibdir. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan, XXI əsrin memarlıq üslubunda inşa olunmuş möhtəşəm Quba Soyqırımı Memorial Kompleksində bunun üçün gözəl imkan var.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məruzəsində bildirib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında hər iki ölkənin qarşılaşdığı təhdidlərin, faciələrin hər zaman eyni olduğunu diqqətə çatdırıb.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini Fidumə Hüseynova, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli,AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov, Qənirə Paşayeva və başqaları məruzələrlə çıxış ediblər.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin tam araşdırılmasının və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsinin qarşısı alınıb.