ALEN SİMONYAN: ”AZƏRBAYCANA SƏFƏR EDƏCƏYƏM” ŞOK ETİRAF

Dəvət olarsa və münasib fürsət yaranarsa, qonşu ölkəyə (Azərbaycana — red.) səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm. Bunu iyunun 1-də İctimai Televiziyada keçirilən seçkiqabağı debatda deputatlığa namizəd və Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib. “Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni səfərə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumun işində iştirak etməkdən imtina etdim”, – deyə Simonyan qeyd edib. O əlavə edib ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar. Xatırladaq ki, ötən ay Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində çıxışında bildirmişdi ki, “Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin Azərbaycanda keçiriləcək sammitində iştirak üçün bu ölkəyə səfər imkanım olacaq”. Qeyd edək ki, bundan öncə isə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ermənistana səfər etmişdi.