ADPU-NUN QUBA FİLİALINDA IV BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB
Baxış sayı: 126
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfrans işini müvəffəqiyyətlə başa vurub. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın iştirakçılarından ibarət nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Qubadakı abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə ehtiram yad ediblər. Rəsmi hissə, bədii proqram və üç paneldən ibarət olan, iki gün davam edən konfrans çox sayda yerli və xarici təhsil müəssisələrinin təşkilati dəstəyi ilə həyata keçirilib. Rəsmi açılış mərasimində ADPU-nun rektoru Cəfər Cəfərov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, Bişkek Musiqi Pedaqoji İnstitutunun (Qırğızıstan) professoru Ulanbek Mambetakunov, Stavropol Dövlət Pedaqoji İnstitutunun Yessentuki filialının (Rusiya Federasiyası) dosenti Marina Çotçayeva, Pəncab Universitetinin (Pakistan) professoru Safdar Ali Şirazi və başqaları iştirak ediblər. Qeyd edək ki, konfransa ümumilikdə 74 məqalə təqdim olunub. Ümumilikdə konfransın təşkilinə 7 ölkədən 12 reytinqli ali məktəb dəstək verib. Konfrans çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Bişkek Musiqi Pedaqoji İnstitutu (Qırğızıstan) arasında əməkdaşlığa dair memorandum imzalanıb.