ADPU-NUN QUBA FİLİALINDA BAYRAM KONSERTİ KEÇİRİLİB
Baxış sayı: 99
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və “MAHUR” İnstrumental Muğam Ansamblının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May-Müstəqillik Gününə həsr edilmiş “…Havalansın xanın səsi, Qarabağın şikəstəsi!” adlı bayram tədbiri keçirilib. Tədbirdə rayon rəsmiləri, şəhid ailələrinin nümayəndələri, qazilər, ali təhsil ocağının professor, müəllim və tələbə heyəti iştirak edib.Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filialın direktoru professor Yusif Alıyev rəsmi açılışındakı çıxışında Azərbaycan xalqının müstəqilliyə gedən şərəfli yolu haqqında fikir və düşüncələrini bölüşüb. Sonra Quba Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov çıxış edərək Respublikada “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etdi. Daha sonra “Mahur” İnstrumental Muğam Ansamblının bədii rəhbəri Musa Məmmədzadə ansamblı ilə birlikdə Qubada olmaqdan məmnunluq duyduğunu ifadə etdi. Tədbirin moderatoru, Filialın baş müəllimi Kəmalə Bayramova Prezident İlham Əliyevin imzaladığı məlum sərəncama əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsinin siyasi, hüquqi və mənəvi istiqamətlərindən bəhs etdi. Tədbirin bədii hissəsində “MAHUR” İnstrumental Muğam Ansamblının solistləri Əməkdar artistlər Gülüstan Əliyeva, Sevinc Sarıyeva, Almaz Orucova, Opera Balet Teatrının solisti Aytən Məhərrəmova, sevilən xanəndə Leyla Rəhimova və tanınmış qubalı müğənni Əlövsət Səlimov möhtəşəm ifaları ilə musiqisevərlərin qəlbini oxşadılar. Daha sonra dəyərli və sevilən sənətkarlarımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Fəxri Diplomu ilə təltif edildilər. Sonda xatirə şəkli çəkdirildi.