ABDULLA QƏDİMBƏYLİ NECƏ DÜNYA ÇEMPİONU OLDU?
Baxış sayı: 490
5 yaşında Bakı, 6 yaşında Azərbaycan, 8 yaşında isə Avropa və Dünya çempionatları... 2007-ci ildən 2022-ci iıə qədər qatıldığı bütün çempionatlarda uğur qazanmağı bacaran Abdulla Qədimbəyli hələ 8 yaşında aldığı dünya çempionu adını, bir də 20 yaşında qazanaraq Azərbaycan bayrağını yüksəklərə qaldırmağı bacardı.
Şahmat üzrə 2 qat Avropa çempionu, 4 qat Azərbaycan çempionu, 2 dəfə dünya çempionatının qalibi, beynəlxalq usta Abdulla Qədimbəylinin şahmat sevgisi hələ 4 yaşı olanda başladı və bu sevgi o qədər güclü oldu ki, Abdulla bir dəfə də olsun bu sevgisindən vaz keçmədi, yeni taktikalar üzərində işlədi, özünü inkişaf etdirib daha böyük uğurlara imza atmaq istədi.
Bəs onu bu uğura həvəsləndirən nə idi? Bu onun yalnız uşaqlıqdan şahmata olan sevgisi idimi? Yox! Bu uşaqlıq sevdasından daha böyük sevda idi. Yurdunu, məmləkətini, elini obasını sevən, doğma yurdunun gücünü bütün dünyaya göstərmək eşqi ilə alovlanan bir gəncin sevdası idi. Onu iştirak etdiyi bütün çempionatlardan qalib çıxaran da elə bu sevdası oldu. Dəflərlə müxtəlif beynəlxalq çempionatlarda iştirak edib uğur qazanan Abdulla Qədimbəyli 2010-cu ildə yeniyetmə şahmatçılar arasında keçirilən dünya çempionatının qalibi idisə, bu qalibiyyəti bu dəfə 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında təkrarladı, uğur qazandı, 3 rəngli-ayulduzlu Azərbaycan bayrağını yüksəklərə qaldırdı.
Azərbaycan Şahmat Federasiyasının beynəlxalq dərəcəli hakimi Qüdrət İsmayılov deyir ki, şahmatda qalib o şahmatçı olur ki, kiçik yaşlarından müstəqil qərar verə bilmə, durumu məntiqi qiymətləndirmə, strateji düşüncə tərzi və qarşısına qoyduğu məqsədlərə yetmə bacarığı olur.
Abdulla Qədimbəylini də qalib şahmatçı edən belə özəllikləri və bir də qarşısına qoyduğu məqsədin aliliyi oldu. Azərbaycana da elə bu yaraşır: Bayrağını hər çağ yüksəklərdə dalğalandıran, “Sənə yalnız qalibiyyət yaraşır, gözəl Yurdum!” deyən oğul və qızlarının olması!
Azərbaycana birincilik qazandıran gənc şahmatçıları təbrik edən Azərbaycanın birinci vitse presidenti Mehriban Əliyeva da rəsmi instaqram hesabında Azərbaycana qələbələr yaraşdığını yazdı. Bəli, Azərbaycana yalnız qələbələr yaraşır. Bütün dünyaya 44 gündə öz gücünü göstərməyi bacaran yurdumuzun hər sahədə, eləcə də intelektual sahədə öz gücünü göstərmə zamanıdır. Azərbaycanın inkişafı uğruna yönlən bu güclər heç tükənməsin.