ABŞ NÜMAYƏNDƏLƏRİ MUXTAR RESPUBLİKADA OLUBLAR

Nuhçıxan İnformasiya Agentliyi xəbər verir ki,  qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib,

Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanış olublar. Naxçıvan Dövlət Xalça Muzeyinə gələn nümayəndələrə məlumat verilib ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilib, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3400-dən çox eksponat var. Daha sonra qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Xan sarayında məlumat verilib ki, bu muzey Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq yaradılıb. Muzeyin 9 ekspozisiya zalı var. Burada 430-a yaxın eksponat nümayiş etdirilir. Milli memarlığımızın möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatun türbəsi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, bu abidə 1186-cı ildə ucaldılıb. Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında da qonaqlara ətraflı məlumat verilib. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı qonaqların nəzərinə çatdırılıb ki, abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən bərpa edilib. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi hazırda muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Nümayəndə heyətinin muxtar respublikaya səfəri davam edir.