88 METR HÜNDÜRLÜYÜ OLAN AĞAC

Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutu 2016-cı ildən 2018-ci ilədək olan dövrdə Amazoniyanın böyük ərazilərinin lazer skanlaması üzrə layihəsini əlaqələndirib. Layihə çərçivəsində tədqiqatçılar hərəsinin uzunluğu

12 kilometr və eni 300 metr olmaqla 850 təsadüfi bölünmüş meşə sahəsini skanlayıb və rəqəmsallaşdırıblar. Bu sahələrin yeddisində 80 metrdən yuxarı hündürlükdə olan nəhəng ağaclar aşkar edilib. Alimlərin bu ağaclar barədə şübhələri olsa da, heç vaxt onları görməmişdilər. Ağacların əksəriyyəti Amazonkanın şimal qolu olan Yari çayı zonasında yerləşib.

Erik Qorgens və Diyeqo Armando da Silvanın rəhbərlik etdikləri tədqiqatçılar qrupu aşkar edilən ən hündür ağacın – “Angelim vermelho” növünə aid edilən 88 metrlik nəhəngin bitdiyi yerə yola düşüb. Ekspedisiya iştirakçıları ağacı öz gözləri ilə görməkdən ötrü Amazon meşələrinin 240 kilometr dərinliyinə gediblər. Qrup üzvləri arasında olan alpinist ağacın zirvəsinə qalxaraq köhnə, lakin ənənəvi üsulla – sallanmış ipin köməyi ilə ağacın hündürlüyünü ölçüb.

Tədqiqatçılar əmin olublar ki, rekordçu ağac Amazoniyada daha əvvəl rast gəlinən ən hündür ağaclardan ən azı 30 metr hündürdür.

Alimlərin sözlərinə görə, bir belə ağac orta statistik tropik meşəsinin bütöv bir hektarının udduğu karbon qazını udmağa qadirdir.