Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən Rövşən İsrafilov adına ümumi orta məktəb 85 il əvvəl, 1941-ci ildə inşa olunub.
Məktəb binası sonuncu dəfə 1988-ci ildə taxta konstruksiyalardan istifadə edilməklə uyğunlaşdırılıb. Uzun illər ərzində binanın texniki vəziyyəti getdikcə ağırlaşıb. 130 şagird yerlik nəzərdə tutulan məktəbdə hazırda 375 şagirdin təhsil alması isə mövcud imkanlarla şagird sayı arasında ciddi uyğunsuzluq yaradır. Beləliklə, 85 il əvvəl təməli qoyulan və bu gün də yüzlərlə şagirdin təhsil aldığı məktəb binasının həm texniki vəziyyəti, həm də tutumu müasir tələblərlə müqayisədə ciddi problemlərlə üzləşir. Məktəbin müxtəlif hissələrində yaranan problemlərlə yanaşı, elektrik xətlərinin vəziyyəti də narahatlıq doğurur. Son günlər əsən güclü külək isə məktəbin dam örtüyünün uçmasına səbəb olub. Məktəbin yeni binasının tikintisi məsələsi uzun müddətdir gündəmdə olsa da, indiyədək bununla bağlı real tikinti işlərinə başlanılmayıb. Mövcud vəziyyət valideynlərin də narahatlığına səbəb olur. Övladlarının təhlükəsizliyindən narahat olan bəzi valideynlərin uşaqlarını digər məktəblərə yönləndirdikləri bildirilir. Bunun da məktəbdəki şagird sayına təsir etdiyi qeyd olunur. Sinxron - Problemlər yalnız şagird və valideynlərlə məhdudlaşmır. Məktəbin mövcud vəziyyəti müəllimlər üçün də əlavə çətinliklər yaradır. Təhsil müəssisəsində yaranan bəzi problemlərin müəllimlərin şəxsi vəsaiti hesabına aradan qaldırıldığı bildirilir. Hazırda əsas sual məktəbin yeni tədris ilinə hansı vəziyyətdə başlayacağıdır. Bir tərəfdə 85 illik, texniki vəziyyəti ilə bağlı ciddi narahatlıqların olduğu məktəb binası, digər tərəfdə isə burada təhsil almalı olan yüzlərlə şagird var. Məsələ ilə bağlı Quba Regional Təhsil İdarəsinə müraciət olunub. Qurumdan məktəbin texniki vəziyyəti, təhlükəsizliyi və yeni binanın tikintisi ilə bağlı mövqeyi belədir.” Xaçmaz rayon Rövşən İsrafilov adına Qobuqıraq kənd ümumi orta məktəbinin mövcud vəziyyəti idarəyə məlumdur. Məktəb binasının əsaslı təmiri və ya yenidən tikintisi məsələsi qeydiyyata alınıb. Təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.”
